Azərbaycan milli komandası Albaniyaya məğlub oldu
Bu gün futbol üzrə Azərbaycan milli komandası Macarıstanda ilk beynəlxalq yoldaşlıq oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv bir həftə sonra Almaniyada start götürəcək Avropa çempionatına hazırlaşan Albaniya seçməsi ilə görüşüb.
Komandamız məğlubiyyətdən qaça bilməyib.
Komandamız albanlarla indiyədək 4 dəfə üz-üzə gəlib. Beynəlxalq yoldaşlıq matçlarına təsadüf edən bu qarşılaşmaların 2-də sevinən tərəf rəqib olub (2022-ci il - 1:0, 2005-ci il - 2:1).
2008-ci ildə Albaniya ilə bərabərə (1:1) qalan yığmamız 2011-ci ildə bu komandanı Rauf Əliyevin yeganə qolu ilə məğlub edib.
Xatırladaq ki, futbolçularımız Sombatxey şəhərində ikinci yoldaşlıq duelini iyunun 11-də Qazaxıstana qarşı keçirəcəklər.
Beynəlxalq Yoldaşlıq oyunu
Albaniya - Azərbaycan 3:1
Qollar: Nedim Bayrami, 12, Rey Manay, 81, Qazim Laçi, 88 - Musa Qurbanlı, 90.
Baş hakim: Mihali Kaprali (Macarıstan)
Macarıstan, Sombatxey. “Haladaş" İdman Kompleksinin stadionu.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev.
Baş məşqçi: Arif Əsədov.
Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Bayrami, Ramadani, Asani, Seferi, Broxa.
Baş məşqçi: Silvinyo.