Tufan Sadıqov: "Moskvada ən böyük futbol mərkəzinə sahib olacağıq"
"Ximki"nin Rusiya Premyer Liqasında uğursuz çıxışları klubun əsas investoru, iş adamı Tufan Sadıqovu narahat etmir.
mediasport.az xəbər verir ki, azərbaycanlı iş adamı Rusiya mətbuatına müsahibəsində komandanın uzun müddətə təsdiqlənmiş plan üzrə inkişafının davam edəcəyini bildirib.
O, deyib ki, "Ximki" Birinci Diviziona düşsə belə, bu, klubun müəyyənləşdirdiyi strategiyaya mənfi təsir edə bilməz: "Əminəm ki, Moskvada ən böyük futbol mərkəzinə sahib olacağıq. Çünki "Ximki"nin inkişaf planı qarşıdakı 5 il üçün müəyyənləşdirilib və plan bütün iştirakçıları tərəfindən təsdiqlənərək büdcə ilə təmin olunub. Ona görə komandanın hansı liqada mübarizə aparmasının əhəmiyyəti yoxdur. Artıq Dmitrovski rayonunda, Soroçanıda böyük futbol mərkəzi layihələndirilib, qarşıdakı yarım ildə icrasına başlanılacaq. Bununla yanaşı, komandamızın da Premyer Liqada qalacğına inanıram".
Son turda evdə "Krasnodar"a 0:6 hesabı ilə məğlub olan "Ximki" Premyer Liqada geridə qalan 21 turdan sonra topladığı 13 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.