"Jelezniçar"ın baş məşqçisi: ""Neftçi" ilə oyuna sürprizlər saxlamışıq"

"Jelezniçar"ın baş məşqçisi: ""Neftçi" ilə oyuna sürprizlər saxlamışıq"

Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç açıqlama verib.

MediaSport.az xəbər verir ki, Bosniya və Herseqovina klubunun 40 yaşlı çalışdırıcısı artıq "ağ-qaralar" haqqında daha çox məlumat toplamağa başladıqlarını deyib.

O, "Neftçi"ni öncədən təhlil etdiklərini bildirib: "Əslində, bu raunddan qabaq hər iki komandanı təhlil etmişdik. Bakını çox bəyəndim, gözəl şəhərdir. Bura növbəti dəfə gəlmək, "Neftçi" kimi güclü komandaya qarşı oynamaq üçün səbirsizlənirik. Çətin olacağını bilirik. Buna baxmayaraq, təslim olmağı düşünmürük. Bakıya güclü şəkildə qayıdacağıq. "Neftçi"nin Rusiyada keçirilən turnirdəki bütün oyunlarını izləmişik".

Başiç Azərbaycan klubunun yeni baş məşqçisi Adrian Mutunun gəlişinə belə şərh edib: "Mutunun yeni gəlməsi bizə üstünlük qazandırmır. "Neftçi" güclü rəqibdir, onlar haqda müəyyən fikrimiz var. Özüm də üç ay əvvəl gəlmişəm. Bundan əvvəlki matçlarda iki-üç fərqli sistem tətbiq etmişdik. "Neftçi" ilə oyuna da sürprizlər saxlamışıq. Rəsmi oyunlardan qabaq üç yoldaşlıq matçına çıxmışdıq. Biz hər zaman rəqibə uyğunlaşmağı bacarırıq. Üstün cəhətlərimizdən biri də, budur. Böyük işlər görməyə başlamışıq".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 27-də səfərdə, cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.