Millimizin baş məşqçisi: "Son anda çıxılmaz vəziyyətdə qaldıq"

Millimizin baş məşqçisi: "Son anda çıxılmaz vəziyyətdə qaldıq"

"Oyunlar haqda danışılası çox şey yoxdur. Hər üç oyunda normal futbol oynamışıq. Amma çatışmayan cəhətlərimiz var deyə istədiyimiz nəticəni əldə edə bilmədik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Gənc mütəxəssis seçmə mərhələdə keçirdikləri 3 matç haqqında fikirlərini bölüşüb, elit-raunda vəsiqə qazana bilməmələrinin səbəblərini izah edib:

"Səbəblər çoxdur. Ən başlıcası isə səfərə tam heyətlə gedə bilməməyimizdir. Sıxıntılar, problemlər... 11 nəfərə yaxın futbolçumuz bizimlə yollana bilmədi. Həmin uşaqlar artıq 3 ilə yaxındır bizimlə birgə idilər, nə istədiyimizi başa düşürdülər. Amma son anda çıxılmaz vəziyyətdə qaldıq. Məcburiyyətdən yeni futbolçular dəvət etdik. İlk "11"likdə ilk dəfə beynəlxalq oyuna çıxan futbolçularımız var idi. Bununla belə, pis oynamadıq. Əlimizə düşən fürsətlərdən istifadə edə bilsəydik, vətənə yaxşı nəticələrlə qayıda bilərdik".

Milli ilə müqaviləsi bu yaxınlarda başa çatacaq Nəbiyev federasiya rəhbərliyi ilə bu barədə hələ danışmadığını vurğulayıb: "Bəli, dekabrın sonunda müqaviləm başa çatır. Hələ ki, AFFA ilə müzakirə aparmamışıq. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək".

O, əsas yığmamızın çıxışları haqda da fikir bildirib, yeni baş məşqçinin kim olmalı olduğuna dair fikirlərini ifadə edib:

"Əsas milli komandamızın matçları bizim məşq və ya oyunlarla eyni vaxtda olmayanda izləyirdik. Enişli-yoxuşlu oyunlar oldu. Bu heyətlə komandanın istədiyi formada oynayır desəm, yalan olar. Son illərdə ən çox legioner həyatı yaşayan milli futbolçularımız var. Bundan daha yaxşı nəticə qazana bilərdik. Yeni baş məşqçinin yerli olmasının tərəfdarıyam. Perspektivli, milli komandada sözünü deyə biləcək mütəxəssislərimiz var. Amma yenə də son qərarı AFFA verəcək".