Səlahət Ağayev: "Karyeramla bağlı mövsümün sonunda qərar verəcəyik"

Səlahət Ağayev: "Karyeramla bağlı mövsümün sonunda qərar verəcəyik"

Futbol üzrə Azərbaycan milli komandası və "Qəbələ"nin qapıçısı Səlahət Ağayev Premyer Liqanın 27-ci turunun "Şamaxı" ilə ev oyunundan (2:0) sonra mediasport.az saytına müsahibə verib.


Komandanızın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?

- İndidən nəsə demək çətindir. Biz hər iki turnirdə sona kimi mübarizə aparacağıq. Qarşıda vacib oyunlarımız çoxdur. Əlimizdən gələnin ən yaxşısını edib avrokuboklara getmək istəyirik.

AÇ-2024-ün seçmə mərhələ oyunları üçün milli komandaya çağırıldın, bu haqda nə deyə bilərsən?

- Xəbərim yox idi, sizdən öyrəndim. Dəvət aldığım üçün çox şadam. Hər futbolçu milli komandada oynamaq istəyər. Əsas heyətdə kimin olacağı baş məşqçinin qərarından asılıdır. Biz də onun qərarına hörmətlə yanaşmalıyıq. Mənim oynayıb-oynamamağım vacib deyil. Əsas millinin nəticəsidir. Əlimizdən gələni edib nəticə qazanmaq istəyirik.

"Sabah"ın gənc qapıçısı Yusif İmanov ilk dəfə yığmaya dəvət alıb, əsas heyətdə olmaq ehtimalı yüksək qiymətləndirilir. Sənin fikirlərin mmaraqlıdır.

- Yusiflə "Sabah"da da bir yerdə olmuşuq. Gənc olmağına baxmayaraq, yaxşı perspektivi var. Hər şey baş məşqçidən asılıdır. Əsas odur ki, hər şey milli üçün yaxşı olsun.

Gənc qapıçı ilk dəfə beynəlxalq matçda özünü necə göstərə bilər?

- Gənc qapıçıların yolu açıq olsun. Mən özüm də gənc olmuşam. Kamran Ağayev sarı kart cəzalısı idi. Berti Foqts Finlandiya ilə matçda məni oynatmışdı. 

Üçüncü dövrədə "Zirə" də, siz də çox xal itirdiz. Bunu necə izah edə bilərsən?

- Futboldur, belə şeylər olur. Biz də istəyirdik ki, yaxşı yerdə olaq. Hələ heç nəyi itirməməmişik. Sona kimi mübarizə aparacağıq. Xal itkisini nəyəsə bağlamaq olmur. Gözlənilməz qol buraxmışıq, öz şanslarımızı dəyərləndirə bilməmişik. 

Bu gün "Şamaxı"nın heyətində bacın oğlu Qurban Səfərov sənin qoruduğun qapıya qol vura bilərdi...

- Futboldur, mümkündür. Ona da uğurlar arzulayıram. Qurbanın işi qol vurmaq, mənim də işim topu tutmaqdır.

Yayda "Qəbələ" ilə müqavilən bitir, yeni anlaşma barədə danışığınız olub?

- Xeyr. Heç bir danışıq olmayıb. "Qəbələ"də bir çox oyunçunun müqaviləsi bitir. 

Başqa klublardan təklif almısan?

- Yox. Bizi vacib oyunlar gözləyir. Əsas da kubokun yarımfinalı. Bu barədə fikirləşmək istəmirəm. Biz peşəkarıq, müqaviləmin sonuna kimi "Qəbələ"dəyəm.

Təklif olsa, "Qəbələ"də qalmaq istəyərsən?

- "Qəbələ"də hər şey ürəyimcədir. Məşqçilər korpusu ilə, komanda yoldaşlarımla, rəhbərliklə münasibətlərim yaxşıdır. Mövsümün sonunda qərar verəcəyik.