Beynəlxalq yarışın üçüncü gününün qalibi belçikalı idmançı oldu

Beynəlxalq yarışın üçüncü gününün qalibi belçikalı idmançı oldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.

mediasport.az xəbər verir ki, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Gəncə İcra Hakimiyyətinin binasının önündə yekunlaşıb.

İdmançılar Qəbələ-Gəncə marşrutu üzrə 170 km məsafə qət ediblər. Gəncənin mərkəzinə hamıdan tez çatan velosipedçi belçikalı Yari Verstraeten olub. Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim ikinci, qazaxıstanlı Anton Kuzmin üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Gəncə icra başçısı Niyazi Bayramov təqdim edib.

İlk üç turdan sonra ümumi sıralamada liderliyə italiyalı idmançı Emanuele Ansolini yüksəlib. O, sarı formanı Bolqarıstan velosipedçisi Martin Papanovdan ələ keçirib.

İlk iki mərhələdə müvafiq olaraq Martin Papanov və Luk Şurmans qalib olublar. Sabah Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurulduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol qət ediləcək. Yarış idmançılara "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırır.