"Azərbaycan millisinə bir nömrəli namizəd Tərlan Əhmədovdur"
"AFFA-ya yeni rəhbərlik gəlib. Onlara bir qədər vaxt vermək lazımdır. Ümid edirəm ki, düzgün yanaşma ilə sağlam sistem qurub Azərbaycan futboluna töhfə verəcəklər. Mənə görə bu gün Azərbaycan mili komandasını çalışdırmağa bir nömrəli namizəd Tərlan Əhmədovdur. Kənardan kimisə gətirməyə ehtiyac yoxdur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında veteran futbolçu Müşfiq Qənbərov deyib.
Azərbaycan yığmasının sabiq oyunçusu əcnəbi məşqçilərin indiyədək heç bir xeyir vermədiyini bildirib:
"Tarixə baxsaq, dəqiq görərik ki, indiyədək işləmiş Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və yaxud Canni de Byazi Azərbaycan futboluna faydasız olub. Özümüzdə o qədər bacarıqlı, istedadlı məşqçilər var ki...Tərlan Əhmədov haqqında bəzən mətbuatda qalmaqal yaradırlar, barəsində gözdənsalma kampaniyası aparırlar. Adamın işinə baxın, verdiyi nəticələrə baxın. Bu gün kimin səhvi yoxdur? Hamının o qədər səhvləri var ki, sadəcə, görmürük. Şəxsi münasibətləri kənara qoyub işə peşəkar yanaşmaq lazımdır".
Son olaraq "Səbail"in akademiyasında çalışmış mütəxəssis qeyd edib ki, Qurban Qurbanov da milli komandanın baş məşqçisi ola bilər:
"Sadəcə, Qurban müəllim bu gün çox məşğuldur. "Qarabağ"da illərdir sistem qurub iş görür, həm AFFA İcraiyyə Komitəsinə üzv seçilib. O, Azərbaycan futboluna faydasını belə də verəcək. İndiki məqamda düzgün seçim etmək lazımdır. AFFA rəhbərliyi belə həssas məsələyə xüsusi yanaşmalıdır. Əcnəbini gətirmək asandır. Bu gün Azərbaycan futbolunun mövcud infrastrukturu xaricdən məşqçi gətirməyimizə imkan vermir".