"O boyda məşqçi gəlib, ad-san, məşhurluq..." - Əfran İsmayılov
"Estoniya haqda başqa heç nə demirəm. Slovakiya ilə oynamaq, qələbə qazanmaq olar. Onlar bizdən bir qədər güclüdürlər, lakin oynayıb qalib gəlmək mümkündür".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Veteran futbolçu yığmamızın UEFA Millətlər Liqasının qarşıdakı iki görüşü haqda danışıb. O, futbolçularımızın Estoniya və Slovakiyadan maksimum xal almalı olduqlarını bildirib:
"Bunlardan da güclü rəqiblərlə oynayıb udmuşuq. Estoniya üzərində mütləq qələbə qazanmalıyıq. Yeni baş məşqçi ilə xal və xallar qazanmaq, bir az irəli getməyi düşünürüksə, mütləq estonları məğlub etməliyik. Ardınca evdə oynayacağımız Slovakiyanı da udmalıyıq, qalib gələ bilməsək, heç olmasa, 1 xal götürməliyik".
Ə.İsmayılov ardıcılı qələbələr qazanmağın vaxtının çatdığını vurğulayıb:
"O boyda məşqçi gəlib, ad-san, məşhurluq və.s. İnkişafdan danışırıqsa, irəli getmək istəyiriksə, bu matçlardan maksimum nəticə əldə olunmalıdır. Vaxt gedir. Yenə də bir müddət keçəndən sonra deyəcəklər ki, inkişaf edirik və ilaxır. İnkişafa qədəm qoymaq üçün qələbələr qazanılmalıdır. Uduzua-uduza futbolçu da ruhdan düşür, inkişafdan geri qalır".
Xatırladaq ki, qrupda ilk iki görüşdə İsveç (0:3) və Slovakiyaya (0:2) məğlub olan yığmamız sabah Tallinndə Estoniyanın qonağı olacaq, oktyabrın 15-də Bakıda slovakiyalıları qəbul edəcək.