Dünya çempionları millimizin heyətindən kənarda saxlanıldı
Noyabrın 14-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə Dünya çempionatı start götürəcək.
mediasport.az xəbər verir ki, 7 gün davam edəcək mundailda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Meksikada ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Kişilərdən ibarət yığma baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (87 kq) şans verəcək.
Məşqçilər korpusu Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyəti ilə məsləhətləşdikdən sonra axırıncı aylarda toplanışlara qatılmayan və hazırda formasından uzaq olan Milad Beiqi Harçeqani (87 kq) ilə Radik İsayevin (+87 kq) heyətinə daxil edilməsinə ehtiyac görməyib.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq. Fəridə Əzizova (67 kq) zədəli olduğundan heyətdən kənar qalıb.