Azərbaycanın Əməkdar jurnalisti Əli Fərəcov dünyasını dəyişib
Azərbaycan idman ictimaiyyətinə və jurnalistikasına ağır itki üz verib.
Tanınmış idman jurnalisti, həyatının 25 ilini Gənclər və İdman Nazirliyinin mətbu orqanı olan “İdman” qəzetində əvəzedilməz fəaliyyətinə həsr etmiş Əməkdar jurnalist Əli Fərəcov dünyasını dəyişib.
Əli Fərəcov 1950-ci il martın 29-da Bakı şəhərində anadan olub. Orta təhsili Sumqayıt şəhərində, ali təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alıb.
1978-ci ildə mətbuata gələn Ə.Fərəcov həmin vaxt Əhaliyə Məişət Xidməti Nazirliyi Layihə-Konstruktor institutunun informasiya şöbəsində tərcüməçi kimi çalışmaqla yanaşı, mətbuatda məqalələrlə çıxış edib. İlk yazıları “Xəzər dənizçisi”, "Bakı" qəzetlərində çap edilib. Eyni zamanda, radionun mədəniyyət redaksiyasında bir neçə veriliş hazırlayıb.
1979-cu il noyabrın 1-dən “Bakı metropoliteni” (1999-ci ildən “Metro” ) qəzetində işləməyə başlayıb. “Metro” qəzetində baş redaktor vəzifəsinədək yüksəlib.
Metro qəzetindəki fəaliyyəti ilə paralel 1996-cı ildən “İdman” qəzetində çalışmağa başlayıb, redaksiyada 25 illik fəaliyyəti dövründə müxbir, məsul katib vəzifələrində çalışıb. 1998-ci ildə “Supersport” qəzetinin redaktoru olub.
İdman ictimaiyyəti və idmansevərlər arasında əsasən güləş, cüdo, boks, voleybol növləri ilə əlaqədar yazıları ilə tanınıb.
İdman sahəsindəki fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Paralel olaraq Bakı metropolitenində çalışmış Ə.Fərəcov ömrünün 45 ilini buraya həsr edib, uzun müddət “Metro” qəzetinin baş redaktoru olub, qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra “Bakı metropoliteni” rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.
Metropolitendəki fəaliyyəti də yüksək qiymətləndirilən Əli Fərəcova Azərbaycan Prezidentinin Sərəncamı ilə Fəxri metropolitençi adı da verilib.
O, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvü olub.
Əli Fərəcovun əziz xatirəsi, onu sevənlərin, o cümlədən həmkarlarının və idman ictimaiyyətinin qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin!