Azərbaycanın ev sahibliyi etdiyi Avropa çempionatı yekunlaşdı

  Azərbaycanın ev sahibliyi etdiyi Avropa çempionatı yekunlaşdı

Milli Gimnastika Arenasında keçirilən "TeamGym" üzrə 15-ci Avropa çempionatının final mərhələsi başa çatıb. Dörd günlük yarışların sonunda, həm gənclər, həm də böyüklər kateqoriyası üzrə qaliblər müəyyənləşib. 

Mediasport.az xəbər verir ki, finalda 6 gənc qadınlar komandası, 5 gənc qarışıq komanda, 5 gənc kişilər komandası, 6 böyük qadınlar komandası, 6 böyük qarışıq komanda, 6 böyük kişilər komandası olmaqla, ümumilikdə, 34 komanda mübarizə aparıb.

İlkin final mərhələsində gənclər kateqoriyası üzrə qaliblər açıqlanıb. Bu kateqoriyada Danimarka, İsveç qızıl və gümüş, İslandiya qızıl və bürünc, Norveç və Böyük Britaniya komandaları isə bürünc medal sahibi olublar.

İkinci final günündə böyüklər kateqoriyası üzrə qaliblər mükafatlandırılıb. Bu kateqoriyada isə İslandiya və Danimarka qızıl, İsveç gümüş və bürünc, Norveç bürünc, Böyük Britaniya komandaları isə gümüş medal qazanıblar.

Ümumi finaldan dərhal sonra, "TeamGym" üzrə 15-ci Avropa Çempionatı boyunca ən çox fərqlənən gimnastlar fərdi olaraq mükafatlandırılıb. İsveç milli komandasının 4, Danimarka milli komandasının 5, İslandiya milli komandasının 2, Norveç milli komandasının 1 gimnastı "All-Stars" mükafatına layiq görülüb.

Avropa çempionatının və Azərbaycan Gimnastika Federasiyasının qlobal tərəfdaşı "SmartScoring" qeyri-adi hekayəsi olan, idmançılar və ümumi ictimaiyyət üçün ilham mənbəyinə çevrilən gimnastları mükafatlandırıb. "SmartScoring"in baş direktoru Kamran Ramazanov "SmartScoring Shooting Star" mükafatını qadınlar arasında İsveç milli komandasından Aqnes Arvidsona, kişilər arasında isə Portuqaliya milli komandasından Jo Peixinoya təqdim edib.

Sonda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastikasının bayrağını Avropa Gimnastikasının prezidenti cənab Fərid Qayıbova təqdim edib. Fərid Qayıbov isə öz növbəsində bayrağı Finlandiya Gimnastika Federasiyasının texniki direktoru Solisma Soniaya təqdim edərək "TeamGym" üzrə növbəti Avropa çempionatının 2026-cı ildə Finlandiyanın Espoo şəhərində keçiriləcəyini bildirib.