İlham Əliyev Azərbaycan millisinin Qarabağ veteranı olan məşqçisinə avtomobil hədiyyə edib - FOTOLAR

İlham Əliyev Azərbaycan millisinin Qarabağ veteranı olan məşqçisinə avtomobil hədiyyə edib - FOTOLAR

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

Mediasport.az xəbər verir ki, təhsil ocağının direktoru universitetdə dərs deyən Azərbaycanın su polosu üzrə milli komandasının keçmiş məşqçisi, 1-ci Qarabağ Müharibəsinin veteran iştirakçısı Pyotr Kuvşinovdan bəhs edib.

Elmar Qasımovun paylaşımını olduğu kimi təqdim edirik:

"Qəhrəman əsgər, Fədakar müəllim, Xilaskar insan və Mübariz Azərbaycanlı - Bizim Pyotr müəllim!

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Pyotr müəllimə yeni və gözəl avtomobil hədiyyə etmişdir.

Bəs kimdir Pyotr?

Pyotr Anatolyeviç Kuvşinov Bakı Ali Neft Məktəbinin idman (üzgüçülük üzrə) müəllimidir. Ona hamımız Pyotr müəllim deyə müraciət edirik. 

70-80-ci illərin məşhur üzgüçü-idmançılarından olub. Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi fəaliyyət göstərib.

Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş müəllim, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir. O, 1992-ci illərdə Qarabağ uğrunda Vətən müharibəsinə könüllü olaraq qoşulub. 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşub və iki dəfə ağır yaralanıb.

Ağır yaralandıqdan sonra ordudan tərxis olunan Pyotr müəllim bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Bəlkə də, bu gün onun mübarizə apardığı və qalib gəldiyi amansız xərçəng xəstəliyinin də  səbəbi o qəlpələrdir. 

Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla  rus dilində danışmağa cəhd edir. 

Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğludur.

Bizim borcumuz isə bundan ibarətdir ki, belə şəxsiyyətlərə sağlığında qiymət verək, qayğı göstərək və hörmət edək.