"Mənim qol vurmağım Qurban Qurbanovu da sevindirdi" - KEYTA
"Qalib gəlsək də, oyun asan keçmədi. "Qəbələ" güclü rəqibdir, yaxşı oyun üslubu var. 3 xal qazanmaq xoş hisslərdir. Hər oyunda bu cür qələbə qazanmaq komanda olaraq bizim üçün önəm daşıyır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın vingeri Hamidu Keyta deyib.
Fransalı futbolçu əvvəlcə Azərbaycan Premyer Liqasının "Qəbələ" ilə 15-ci tur oyunu haqqında düşüncələrini bölüşüb, vurduğu qolu şərh edib:
"Mən hər oyun meydana 100 faizlik nəticə üçün çıxıram. Çalışıram, hər zaman komandama xeyir verim. Bu qol vurdum, qələbə də qazandıq, çox sevinirəm. Ancaq ən vacib olan 3 xal idi. Qol vurmasaydım da, maksimum nəticə üçün sevinəcəkdim. İnanıram ki, növbəti matçlarda meydanda olub komandama kömək edəcəm. Məşqlərdə var gücümlə çalışıram. Oynayıb-oynamayacağım baş məşqçimizin verəcəyi qərardır, bizim işimiz futbol oynamaqdır. Qurban Qurbanovun qərarlarına hörmətlə yanaşıram. Oyuna daxil olanda da bacardığımın ən yaxşısını etməyə çalışıram. Əlbəttə, bu gün mənim qol vurmağım Qurban Qurbanovu da sevindirdi. Çünki həm ilk qolu vurdum, həm də qələbə qazandıq. Bu, olduqca gözəldir. "
29 yaşlı Keyta UEFA Avropa Liqasının qrup mərhələsinin son oyunu çərçivəsində "Hekken"lə qarşıdakı duel barədə fikirlərini paylaşıb:
"Təbii ki, qrupdan çıxmaq şansımız yalnız özümüzdən asılıdır. Qətiyyən arxayınlaşmaq olmaz. Çünki bu yarışda asan məğlub ediləcək, zəif rəqib yoxdur. “Hekken”in son oyunlarını yaxşı təhlil edib matça ciddi hazırlaşacağıq. İnanıram ki, sonda azarkeşlərimizi sevindirə biləcəyik".