Esmira Məmmədovadan TARİXİ UĞUR: Ölkə idmanında ilk dəfə

Esmira Məmmədovadan TARİXİ UĞUR: Ölkə idmanında ilk dəfə

Serbiyanın Belqrad şəhərində qarışıq təkbətək döyüş növü - MMA üzrə Avropa çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan komandası da mübarizə aparıb.

Azərbaycan MMA Federasiyasının (AZMMAF) iştirak etdiyi qitə çempionatında idmançılarımız 2 medala layiq görülüb.

Bilal Alosmanov (56,7 kq) Avropa çempionatını gümüş medalla başa vurub. O, finalda ikiqat dünya çempionuna məğlub olub.

Komandada ən yüksək nəticəni Esmira Məmmədova əldə edib. E.Məmmədova 65,8 kq kateqoriyada bütün rəqiblərinə qalib gəlməklə Azərbaycan idmanında qadınlar arasında MMA üzrə ilk Avropa çempionu olub.

AZMMAF-ın prezidenti Rövşən Həsənov qurumun rəsmi saytına açıqlamasında komandanın nəticəsini müsbət qiymətləndirib: 

"Belqrad şəhərində keçirilən Avropa çempionatı çox gərgin mübarizə ilə yadda qaldı. Bilal Alosmanov finala qədər bir neçə rəqibiji, o cümlədən erməni idmançısını məğlub etdi. Həlledici görüşdə bu çəkidə ən güclü rəqibi, ikiqat dünya çempionuna uduzdu. Esmira Məmmədova isə tarix yazdı. İdmançı qadınlar arasında ilk Avropa çempionu kimi tarixə düşdü. Əldə etdiyimiz yüksək nəticələr Azərbaycanda dövlətin idmana və idmançılara göstərdiyi diqqətin bəhrəsidir. Avqustda yeniyetmələrdən ibarət komandamız Abu Dabidə dünya çempionatına yollanacaq. Böyüklərdən ibarət komandamız isə sentyabrda Özbəkistanda dünya çempionatında çıxış edəcək. Bu yarışlarda da idmançıların uğurlu çıxış edəcəyinə ümid edirik".

Xatırladaq ki, İMMAF Avropa Çempionatında 45 ölkədən 845 idmançı iştirak edib. IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatıdır.

Ölkəmizdə İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.